KADINA MEKTUP

         QADINA MƏKTUB...AĞLAMA!

 

         Salam Qadın! Tarixin və zamanın sınağı içindəyik,  fərqindəmisən? Elə bir məqama çatmışıq ki, bir tərəfdən düşmən tapdağından azad etdiyimiz yurdumuzun sevinciylə gözlərimizdə zəfər alovları parlayır, o biri yandan da hər qum dənəsi, ya da bircə qarış üçün itirdiyimiz oğulların acısı ürəyimizi parçalayır.  Namərd, qorxaq, riakar, vəhşi, faşist (nə desəm azdı) düşmənin məsumlara yönəltdiyi alçaqlığın ucbatından Gəncədə, Tərtərdə, Ağcabədidə, Bərdədə ömrünün baharında həlak olan canlarımızın, hələ dünyanın sevincindən, dərdindən xəbərsiz körpələrimizin acısı köksümüzü qiyamət gününəcən köz kimi yandıracaq. İlk dəfədi ki, içimizdə sevinc, zəfər nəğmələri, ağılar, hüzün, kədər, fərəh, qürur, ağrı sanki zəncirin halqaları kimi bir-birinə keçib, pərçimlənib...   

         Hansından deyim, bilmirəm!

         Tarixin bu amansız sınağında çox şükür ki, otuz il əvvəlki kimi çarəsiz, aciz deyilik. VARlığa nə darlıq? – deyib atalar... Elə isə bəlkə VAR olanları düşünək, hə?  

         Cəbhədə düşmənə ən ağır zərbələri vuran, qədim ellərimizi kənd-kənd, oba-oba, şəhər-şəhər, təpədən-təpəyə azad edən, bir «hücum» əmriylə vətənin hər qarış torpağını qanıyla sulamağa hazır, modern müharibənin bütün incəliklərinə malik olan ordumuz var.

         Çağdaş dövrün ən yükyək texnologiyası ilə təhkim edilmiş silah-sursatımız, düşmənin təpəsinə qartal kimi şığıyan, onun hədəflərini tarmar edən pilotsuz uçan hərbi texnikamız var.

         Arxamızda, Azərbaycanlılar üçün bütün imkanlarıyla səfərbər olan milyonlarca Türk qardaşımız və Qarabağın azadlığı uğrunda dünyaya meydan oxuyan Türkiyəmiz var...

         Azərbaycanına sahib çıxan, sözü, iradəsi, əzmi, intellekti, siyasəti, gücü, xarizması, ağlı, istedadı, insanpərvərliyi, sevgisi, bilikləri ilə vətənin keşiyində duran, ön cəbhədə əsgərə, arxa cəbhədə diplomatlara başçılıq edib vuruşan, bütün varlığını əsirgəməyən Ali Baş Komandanımız var!

         Bu VAR olanlardan cənnət yaratmaq, yaxud da Cənnəti yağılardan azad etmək, Qarabağımızda yenidən üçrəngli bayrağımızı dalğalandırmaq üçün vuruşmaq, tarixin «ən alçaq düşmən» tituluna layiq erməninin başını əzmək məqamıdır.

Belə də edirik... «Edirik» - deyəndə ki, müharibə ərlərin meydanıdır. Amma düşünürəm, igid oğullarımız sinəsini güllələrə sipər edəndə, bir qolunu itirib o birisi ilə silahını bağrına sıxıb döyüşəndə, mənfur düşmən dinc əhalini hədəfə alıb balalara şəhid qanadı taxanda  biz neyləməliyik? Hə, bizi deyirəm, qadınları...      

 

         Oturub ağlamalı, vay-şivən qoparmalıyıq?

         - Xeyr!

         Etiraf edirəm, mən də az ağlamadım. Amma əlimin arxasıyla gözümün yaşını silib oxumağa, öyrənməyə  çalışdım və öyrəndiklərim bu məktubu yazdırdı mənə...   

         Əslində qatil, terrorist bir millətlə (millət sözü də heyifdi) müharibəmiz başlayanda müxtəlif mənbələrdən savaş tarixlərini oxuyuram və qazanılan zəfərlərdə qadınların rolu haqqında qeydlərimi edirəm. Və indi Xocalını, Gəncəni, Bərdəni düşünüb içimizin qan ağladığı bu anlarda bəzilərini bölüşmək istəyirəm.

         1910-1923-cü illərdə Anadoludakı  qan qardaşlarımızın  Bütün dünyaya qarşı olduğu müharibədə ana-bacıların arxa cəbhədəki fədakarlıqlarını oxuyub dərs aldım, amma həm də qürur hissi keçirdim. O zaman «Türk anası müharibə zamanı ağlamaz» - deyirmiş Qadınlar...

         Kişi qadının göz yaşından tərki-silah olur... Gücü azalır, əli boşalır, ruhsuzlaşır... Ağlamaq acizlik ifadəsidirsə, Kişi də gücünü Antey kimi – Torpaqdan-Qadından alırsa, zəiflik  olmaz... Türk qadını deyirmiş ki, analar-bacılar ağlayarsa, şəhid olanların yerini tutacaq yeni nəsillərin rəşadəti, cəsarəti qırıla bilər!

         1877-1878 – ci il Osmanlı-Rus müharibəsindən bir qadın portreti: Yaşlı bir nənə Ərzurumda yaşayırmış... Cəbhədən xəbər gəlir ki, türk əsgərləri çətin vəziyyətdədir. Şəhərdə qadınlar, uşaqlar, yaşlılardan başqa heç kim qalmayıb. Nəvələr də bu nənənin himayəsindəymiş... Amma qadın xəbəri eşitcək bir baltanı götürüb yürüyür düşmən üstünə. Onu görənlər – hara gedirsən ay qarı, hələ qundağda nəvələrin var, onlara kim baxacaq? – deyəndə qadın cavab verir: türk oğlu anasız-atasız böyüyər, amma vətənsiz böyüməz! Məncə həm də bu nənənin qeyrəti ilə düşmən hücumu dəf edilir, ruslar Ərzuruma girə bilmir.   

         Birinci Dünya Müharibəsi zamanı Anadoluda səfərbərlik elan edilir. Qafqaz cəbhəsində ruslarla şiddətli savaş gedirmiş,  Anadolu kəndlərindən əsgər toplanır. Kayserinin kəndlərindən də əli silah tutan hər kəsi döyüşə aparırlar. Amma hər ailədə məişətlə məşğul olacaq bir kişi saxlayırlar. Necə olursa, bir qadının həm oğlunu, həm də ərini səfərbər edirlər. Qonum-qonşu zabitlərə yanaşıb – axı o qadının iki oğlu şəhid olub, indi aman-zaman bircəsini də, ərini də aparırsız – deyəndə hər kəs təsirlənir. Zabit qadını çağırıb – ya oğlun, ya da ərin hansını istəyirsən seç, biri kənddə qalsın, ocağın sönməsin – deyir. Qadın cavab verir – «Ər dediyin eldə var, oğlu dediyin beldə var! Qoy gedib vətən uğrunda döyüşsünlər!»   

         «Çanaqqala keçilməz» ifadəsini də heç unutmuram. Və elə yazımın bu yerində Çanaqqalaya səfərimi və orda dörd gözlə gəzib baxdığım muzeyləri xatırlayıram. Bu savaşı bir əfsanə, əsatir, dastan kimi qavramışdım o zaman. Bələdçi qədim türk adətlərindən danışanda ilk əvvəl savaşla əlaqəsini də anlamamışdım. Şamanlıq dövründən qalma qədim bir türk adəti var; qurban ediləcək qoçları Tanrıya xoş görünsün deyə müxtəlif rənglərə boyayarmışlar. Gəlin gedən qızların da əlinə xınanı buna görə yaxıblar – düşdüyü ocağa, yurda, obaya qurban olsun. Bir də əsgərliyə, cəbhəyə gedən oğullarının əllərinə xına yaxırmış analar. Çanaqqala döyüşündə bir zabit əsgərlərin əlində xına görəndə təəccüblənir. Səbəbini soruşanda mehmetcik cavab verir: «Bunu analarımız edir ki, ürəyimiz buz kimi olsun... Gözümüz arxada qalmasın, vətənə qurban işarəsidi ovcumuzdakı xına izi...»  Çanaqqala müharibəsində Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk öz əsgərlərinə «Mən sizə savaşmağı yox, ölməyi əmr edirəm» - deyirdi. Amma bu ürəksizliyin, qəddarlığın işarəsi deyildi ki... Axı Atatürk bu torpaqlarda şəhid olan Anzakların analarına müraciətlə: “Bu məmləkətin torpaqları üstündə qanlarını tökən qəhrəmanlar! Burada dost bir vətənin torpağındasınız. Hüzur və sükut içində uyuyunuz. Sizlər Məhmədciklərlə yan-yana, qucaq-qucağasınız. Uzaq diyarlardan övladlarını müharibəyə göndərən analar! Göz yaşlarınızı ovudun. Övladlarınız bizim bağrımızdadır, hüzur içindədirlər və hüzur içində rahat-rahat uyuyacaqlar. Onlar bu torpaqda canlarını verdikdən sonra artıq bizim övladlarımız olmuşlar”- demişdi.

         Deməli vətəni uğrunda əlinə xına çəkilmiş, özünü qurban bilən, ən böyük sərkərdədən «ölüm» əmri alan adamın gözündə qorxu olmaz və qələbəni də yalnız bu ruh, cəsarətlə, şücaətlə  qazanmaq mümkündür...

         Müharibə gedirsə, hər anın öz ovqatı, öz hökmü var. Qapısına şəhid gələn ananın, bacının, qadının əzablarını təsəvvür etmək çətin deyil. Hər kəsin itkisi var yer üzündə və məncə insan elə ilk ağrıdan boy atır, böyüməyə başlayır. Ürəyi kövrək ananın əzabları heç bir sənətə sığmaz, bilirəm. Amma bu günlərdə sosial şəbəkələrdə yayılmış bir qoca nənənin telefon söhbəti məni dərindən sarsıtdı. Nəvəsinə - bu qədər idmana getmisən, vur, əz erməninin başını, qorxma – deyirdi nənə... Bu, min ilin müdrikliyidir nənənin dilində səslənir. Qadın kişinin ardınca ağlamamalıdı, «Sən bacaracaqsan, sən güclüsən, sənə inanıram, sən gözləyirəm» - deməlidi...

         Bu günlərdə Vətən müharibəmizin bir ayı tamam olanda İkinci Dünya Savaşını düşündüm. İnsanlar illərlə yaşayıblar bu ovqatda... Və İkinci Dünya Müharibəsi həm də Azərbaycan-türk kişilərinin, bizim xalqın qələbəsidirsə, qadınların xidmətini unutmaq olmaz. Hələ 20 yanvar, hələ Xocalı, hələ birinci Qarabağ savaşının təsəllisiz itkiləri... Biz axı bütün bu dəhşətlərdən keçmiş millətik. Həm də itirə-itirə keçmiş. Müstəqilliyimiz də qanla qazanılıb, hər addımda ayağımızdan tutub geriyə dartıb dünya, qarğa-quzğun daraşıb hər uğurumuza. İndi zəfərin bircə addımlığında bir az da, bir azacıq da, daha da güclü olmağa çalışaq... Yazdıqlarımızı oxuyurlar, göz yaşlarımızı görürlər, bədbin ovqatımız havaya keçir, çörəyə hopur, suyu bulandırır...  

         Qadın! Yazı masası arxasında qəhrəmanlıq olmaz, bilirəm! İndi – get yazını yaz, sən nə bilirsən mən nə çəkirəm – deməyə də haqqın var! Amma bütün əsgər məktublarını incələsək, orda bir «Ağlama» sözü var mütləq! Kişi gülüşündən güc alar, Kişi «Ağlama» - deyər, Kişi təbəssümünlə dağıdar dünyanı... İnan ki, gözü üzündədi... Gülümsə nə olar! Axı müharibə arxa cəbhədə qazanılır – deyirlər... Arxa cəbhədə biz varıq, gücünü əsirgəmə! Şairlərin ən Şairi deyib e... Vaqif Səmədoğlu:

 

Çiynindən atma daşımı,

Dizinə qoyum başımı,

Bilsəm ki, gözləyənim var,

Bir daş ilə göz yaşımı,

Gözlə, silib gələcəyəm...

Pərvin Nurəliyeva

Tel: (212) 526 16 15

       

Fax: (212) 513 77 49

(212) 527 50 32

~

Divanyolu Caddesi, Nu: 14, Sultanahmet / İstanbul

  • Facebook - White Circle
  • Twitter - White Circle
  • Instagram - White Circle
  • YouTube - White Circle

Hakkımızda       Türk Edebiyatı Dergisi      Genç Sanat       Kitaplar       Etkinlik       Basında Biz       Abonelik